1 Eylül 2010 Çarşamba

Tariximiz

Cavanşir qalası Rayonun qədim dövrlərə aid tarixi abidələrinin böyük əksəriyyəti Albaniya tarixinə aiddir. Məlumdur ki, Albaniya tarixinin son dövrləri, onun əsas vilayətlərindən olan Girdiman vilayəti və tanınmış sərkərdəsi Cavanşirin adı ilə bağlıdır. Tariximizdə həmin dövrə aid ziddiyyətli məlumatlar vardır. Tarix dərsliklərində göstərilir ki, Mehranilər sülaləsinin hakimiyyəti Girdiman vilayətində yaranmışdır. Həmin vilayətin indiki Şəmkir – Qazax bölgəsində olması qeyd olunur.

Lakin ərazisində Girdiman dövləti və Cavanşirin adı ilə bağlı tarixi abidənin və coğrafi adın olması deməyə əsas verir ki, Girdiman knyazlığı elə İsmayıllı ərazisində yaranmışdır.

Girdiman knyazlığını sabir türklərindən olan Mehranilər sülaləsinə məxsus hökmdarlar idarə etmişlər. Onlar zaman keçdikcə öz hakimiyyətlərini möhkəmləndirmiş və bütün Albaniyada yaymışlar. Girdiman vilayəti yenə də iqtisadi və siyasi baxımdan əhəmiyyətini saxlamışdır.

642-681-ci illərdə Albaniya hökmdarı olmuş tədbirli dövlət xadimi Cavanşir diplomatik və sərkərdəlik bacarığı ilə dövlətin müstəqilliyini qoruyub saxlamışdır. Ərəb, Sasani, Xəzər, Bizans kimi güclü dövlətlərin hücum təhlükəsi qarşısında duran Cavanşir diplomatik bacarığı sahəsində siyasi gedişlər etməklə yanaşı müdafiə tədbirləri görməklə də Albaniyanın müstəqilliyini qoruyub saxlamışdır.

Rayonun Talıstan kəndi yaxınlığında olan Cavanşir qalasını VII əsrdə məşhur sərkərdənin şərəfinə tikdirmişlər. Qala Talıstan kəndindən 4 km şimalda Ağ çayın sağ sahilindədir. Qaladan bir qədər aralı, qalaya gedən yolun üstündə səngər yeri adlı kiçik düzənlik vardır. Bu yerin xüsusiyyətindən və adından məlum olur ki, qalaya olan hücumların qarşısı burada alınıb. Burada ciddi müqavimətlə qarşılaşan, xeyli qüvvə itirən düşmən qalaya hücumu tam gücü ilə davam etdirə bilməyib.

Qalanın ümumi sahəsi 1,5 – 2 hektardır. Qala kirəc məhlulu ilə çay daşından tikilib. Qalanın qərb divarları isə uçulmuş halda olsa da qala müdafiə xüsusiyyətini özündə saxlamışdır. Qala üç tərəfdən Ağ çayın dərin keçilməz dərəsi ilə əhatə olunmuşdur. Qalaya giriş yalnız cənub tərəfdən olmuşdur. Burada eni 2,5 m olan darvaza yeri aydın görünür. Cənub divarlar daha möhkəm olmuşdur. Həmin hissədə qala divarlarının qalınlığı 2, hündürlüyü isə 10 m-dən çoxdur. Divarların üstündə bir-birindən təxminən 0,5 m aralı daraqvari dişlər olmuşdur. Qala divarlarını möhkəmləndirmək məqsədilə bürclər tikilmişdir. Bürclər cənub tərəfdə dördkünc, digər tərəflərdə isə dairəvi formadadır. Onların bəzilərinin diametri 8 metrə çatır.

Qüdrətli müdafiə istehkamı olan Cavanşir qalası qala və narınqala adlanan iç qaladan ibarətdir. İç qala qalanın şimal hissəsindədir. İç qalanın divarları daha çox dağıntıya məruz qalmışdır. Bir çox yerlərdə onun yalnız bünövrəsi qalmışdır. Qalanın şimal qurtaracağında baş müşahidə məntəqəsi yerləşir. Oradan “Səngər yeri” və ümumiyyətlə qalaya gələn yollar aydın görünür.

Qalanın şimal-şərq tərəfində gizli yol olmuşdur. Bu da uzun çəkən mühasirə zamanı qalanın xarici aləmlə əlaqə saxlamasına imkan verirdi. Gizli yol olan tərəfdən qalaya hücum üçün heç bir imkan yoxdur.

Ümumilikdə qala üçün seçilən yer müdafiə baxımında idealdır. Oraya çox böyük qüvvə ilə hücum etmək mümkün deyildir. Oraya olan hücumların qarşısını da almaq üçün çox da böyük qüvvəyə ehtiyac olmamışdır.

Cavanşir qalası sonrakı əsrlərdə də müdafiə əhəmiyyətini qoruyub saxlamışdır. Çox güman ki, qalanı heç vaxt düşmən qüvvələr ələ keçirə bilməmişdir. Qalada döyüş zamanı olan dağıntı izlərinə rast gəlmək olmur.

Cavanşir qalasının tədqiqi sahəsində müəyyən işlər görülmüşdür. Qala haqqında ilk elmi məlumatı Tarix elmlər namizədi arxeoloq Fazil Osmanov vermişdir. Memarlıq namizədi Cəfər Qiyasi qalanın bərpa eskizini hazırlamışdır. Hər iki alim birlikdə qala haqqında qiymətli yazı dərc etmişlər. Tarix elmlər namizədi Qafar Cəbiyev Cavanşir qalası haqqında dəyərli məqalə çap etdirmiş və özünün “Bura Vətəndir” kitabında qala haqqında mühüm məlumatlar vermişdir.

Bütün bunlara baxmayaraq hələ də Cavanşir qalasının öyrənilməsini qənaətləndirici saymaq olmaz. Bu qala hələ də tariximizin neçə - neçə sirlərini özündə saxlayır.

Qala böyük dağıntılara məruz qaldığından orada müəyyən bərpa işlərinə də böyük ehtiyac vardır. Cavanşir qalası bütün respublika səviyyəsində diqqət mərkəzində saxlanılan tarixi abidələrimizdən olmağa layiqdir.
Qız qalası
İsmayıllı abidələri sırasında Xanagah Qız qalası mühüm yer tutur. Qala Xanagah kəndindən şimalda Axox çayın sahilində hündür qayanın üstündə yerləşir. Həmin qayanın bir tərəfi Axox çayın dərin dərəsi, digər tərəfi isə Qarasu dərəsidir. Qalaya yol Qarasu dərəsi ilə qalxır. Yolun üstündə Qarasu dərəsində möhkəm divarın qalıqları vardır. Qalaya gedən yolun üstündə olan bu divar sədd rolunu oynamışdır. Qayanın zirvəsinə digər tərəflərdən qalxmaq mümkün deyildir. Zirvəyə qalxmaq mümkün olan yerlərdə tikilmiş möhkəm və hündür divarlar qalanın müdafiə qüdrətini daha da artırır.

Qalanın memarlıq xüsusiyyətləri oradan əldə edilmiş maddi-mədəniyyət nümunələri onun VII-IX əsrlərdə tikildiyini təsdiq edir. Çox güman ki, qala XI əsrdə yenidən təmir edilmişdir. Qala kirəc məhlulu ilə əsasən yonulmamış çay daşından tikilib. Lakin bəzi yerlərdə yonulmuş daşlardan və bişmiş kərpicdən də istifadə olunub. Kərpiclər keyfiyyəti ilə diqqəti cəlb edir. Hörgünün keyfiyyəti yüksək səviyyədədir. Qalada tətbiq olunan kərpic üzləşmənin keyfiyyəti orta əsr Azərbaycan memarlığının yüksək inkişafına daha bir sübutdur.

Qalanın ümumi sahəsi 1,5 hektardan çoxdur. İçərisində hansı məqsədlərlə tikilməsi hələ də məlum olmayan çoxlu sayda tikililərin qalıqları vardır. Qala 9 əsr ərzində xeyli dağıntıya məruz qalmışdır. Ərazinin relyefinə görə qalaya girişin şimal-qərb tərəfdən olması şübhə doğurmur.

Xanagah Qız Qalası yüksək səviyyəli müdafiə qalasıdır.

Azərbaycanda Qız qalaları geniş yayılmışdır. Bakıda, Naxçıvanda, Qazaxda, Qəbələdə, Şəkidə, Şamaxıda və başqa ərazilərdə belə qalalar vardır. Bu qalaların bir çoxları haqqında xalq arasında əfsanələr də yaranmışdır. Lakin həmin əfsanələrin çoxunun tarixlə əlaqəsi yoxdur. Xanagah Qız qalası haqqında xalq arasında heç bir əfsanə də yoxdur.

Qız qalalarının adı haqqında daha elmi fərziyyə oğuzlarla bağlıdır. Qız qalalarının adında qız sözü oğuz adı ilə bağlı quz sözündən yaranmışdır. Deməli Qız qalaları əslində Quz qalası yəni Oğuz qalası deməkdir. Həmin qalaların əksəriyyətinin VII-XII əsrlərə aid olduğunu nəzərə alsaq həmin fərziyyənin daha çox həqiqətə uyğun olduğunu söyləmək olar. Çünki oğuzların Azərbaycana daha kütləvi köçləri VII-XII əsrlərdə təsadüf edilir.

Əksər tədqiqatçılara görə Qız qalalarının hamısı müdafiə qalasıdır. Onların quruluşu və strateji mövqeyi yalnız bu cür düşünməyə əsas verir. Bu qalalar müharibələr vaxtı qadın və qızların müdafiəsi üçün nəzərdə tutulmuşdur. Vətənin doğma yerlərin ağır günlərində kişilər döyüş meydanına atılanda qadın və qızlar alınmaz hesab edilən Qız qalalarında mühafizə olunmuşlar.

Müharibələrdə qadın və qızların əsir düşməsi ən böyük təhqir hesab olunurdu. Odur ki, hər bir hökümdar müharibələr zamanı təhqir olunmamaq üçün etibarlı qalalar tikirdilər. Bu qalaların adındakı “qız” sözü namus, qeyrət, paklıq rəmzi kimi izah olunur.
Qasımxan qalası  İsmayıllı rayonunun Qalacıq kəndi yaxınlığında kənddən təqribən 7–8 km şimalda Göyçay çayının mənbəyinə yaxın bir sahədə, “səngər” adlanan ərazidə, qayaların üstündə yerləşir. Qalanın mövcudluğu yalnız torpaq səddən və kərpic qırıntılardan məlum olur. Rayon ərazisində ən çox dağıntıya məruz qalan tarixi abidələrdəndir. “Qasımxan” qalasının XVIII əsrdə tikilməsi güman edilir. Qədim zamanlarda qalanın yaxınlığından Dağıstana yol gedirmiş. Bu yolun qalıqları indi də müşahidə olunur. Qala müdafiə məqsədli istehkamdır. Qalanın özünə qədər nəqliyyat yolu yoxdur. Son 2 km-ə qədər yolu atla və ya piyada getmək lazımdır.
  Xan qalası.  Xan qalası adı ilə məlum olan abidədən bu gün bir neçə metr uzunluğu olan nisbətən hündür daş divar qalıb. Bu qala divarlarının qalıqlarıdır. Qalanın içərisində saray – kompleksi – Şirvan hakimlərinin yay iqamətgahı olub. Həmin saray kompleksinə aid olan otaqlardan ikisi Milli Elmlər Akademiyasının əməkdaşları tərəfindən bir neçə il əvvəl təmizlənmişdir. Qalanın XII – XIII əsrlərdən gec olmayaraq tikildiyi güman edilir. Qalanın tikintisində 24*24*6, 25*25*6 və 26*26*6 sm ölçüdə olan kərpiclərdən daha çox istifadə edilmişdir. Qalaya avtomobilə getmək olar.
“Fit dağı”  Qalanın adı hündürlüyü 1810 metr dəniz səviyyəsindən yüksəklikdə yerləşən Fitdağ dağının adından götürülüb. Qədim hərbi strateji əhəmiyyətə malik qala Şirvanşahlarının iqamətgahı – sığınacağı olub. Qalaya getmək üçün Sulut kəndi yaxınlığındakı Haramçayın yatağından piyada və ya atla dik qalxmaq lazımdır. Qala yaxınlığında daşdan müdafiə səddi çəkilib. Qala ətrafında orta əsrlərə aid tikili qalıqları, hamam yeri, meydançalar vardır. Qalanın XVIII əsrdə tikildiyi güman edilir. Hal – hazırda Fit dağının şərq yamacında Haramçaydan 250-300 metr yüksəklikdə iri daşlardan tikilmiş sədd qalmaqdadır.
Haram qalası”  Qala İsmayıllı rayonunun Sulut kəndi yaxınlığında, Haram çayının sağ sahilində, çox da hündür olmayan və təbii cəhətdən son dərəcə mənzərəli bir sahədə yerləşir. Yerli sakinlər bu qalaya “Qırxotaq” və ya “Qırxqız” qəsri də deyirlər. Kirəc məhlulundan istifadə etməklə tikilən bu abidə olduqca yaxşı mühafizə olunub. Müəyyən hissələrini nəzərə almasaq abidənin divarları bütünlüklə salamat qalıb. Abidə “Qırxotaq” adlandırılsa da, oradakı otaqların sayı 40-dan çoxdur. İri dəhliz yerləri aydın görünür. Rəvayətə görə Şirvan xanları hər otaqda bir gözəl qız (hərəm) saxlayırmış və onların bir – birindən xəbəri olmazmış. Belə fikir yürüdülür ki, “Haram qalası” doğurdan həm də hərəm qalası olub. Qalaya Sulut kəndinə qədər avtomobillə kənddən qalaya qədər yolu isə piyada və ya atla getmək lazımdır.
Qədim buzxana
Rayonun Sulut yaxınlığında yerləşir. Uzunluğu 12 m, eni 7 m olan bu tarixi abidə çay daşından tikilib. Abidənin üstü dağvari formada tamamlanıb. Onun əsas hissəsi yerin altında və yalnız üstünün tağı yer səthindədir. İçəri tərəfdən divarlarının bir hissəsi hamar və yonulmuş daşlarla üzlənmişdir. Buzxananın cənub – qərb burnunda onun kiçik və darısqal qapısı yerləşir. “Buzxana” adı ilə məlum olan bu tikilidən hansı məqsədlə istifadə edildiyi məlum deyil. Lakin bura daha çox kiçik həbsxana kamerasına oxşayır. Abidəyə Sulut kəndinə qədər avtomobillə, kənddən abidəyə qədər yolu isə piyada və ya atla getmək lazımdır.
Basqal qəsəbəsi
Basqal qəsəbəsi 1932-1933-cü illərdə İsmayıllı rayonunun mərkəzi olub. Basqalın “Qalabaşı” məhəlləsi ərazisində qalınlığı bir neçə metrə çatan qala divarlarının üzləri bu günədək qalmaqdadır. Bunun XIV əsrdə tikildiyi güman edilir. “Basqal” toponimi təmiz türk sözüdür və “qala başı”, “qala qur”, “qala yarat”, “qala ucalt”, “baş qala” mənasını ifadə edir. Basqal Tarix – Mədəniyyət Qoruğuna XVI əsrə aid hamam və məscid kimi qədim abidələr aiddir. Basqal Bakı – Laqodexi şosse yolunun 151 km-dən 4 km şimala olan məsafədə yerləşir. Qəsəbəyə avtomobillə getmək olar.Müasir elmi-tərəqqi dövründə müstəqilliyə yenicə qədəm qoymuş cəmiyyətimiz sürətlə inkişaf edir, köhnə, çox zəhmət tələb edən istehsal vasitələri və üsulları hiss olunmadan aradan çıxır və birdəfəlik unudulur. Babalarımızın qiymətli irsini qoruyub saxlamaq, gələcək nəsillərə bir ərməğan kimi çatdırmaq, həmçinin xalqımızın keçmiş həyatında mütərəqqi rol oynamış gözəl adət-ənənələrin yaddaşlardan silinməsinin qarşısını almaq üçün salnamələr yazmaq, zəngin muzeylər yaratmaq, keçmiş dövrü əks etdirən eksponatlar nümayiş etdirmək böyük vətənpərvərlik və əməksevərlik məktəbi kimi əhəmiyyət kəsb edə bilər.

Azərbaycanın dilbər guşələrindən biri olan İsmayıllı rayonunun ərazisində tarixi-etnoqrafik baxımdan zəngin, orta əsr şəhərlərinin bəzi xüsusiyyətlərini, o cümlədən qədim mədəniyyət, sənətkarlıq irsini bu günə qədər mühafizə edən neçə-neçə yaşayış məntəqəsi hələ keçən əsrlərdən dünya şöhrəti qazanmaq səviyyəsinə qədər yüksəlmişdir. Belə görkəmli yaşayış məntəqələrindən biri Basqaldır. Şirvanın ən səfalı, zəngin təbiətə malik sahəsində yerləşən Basqal qəsəbəsi xalqımızın bir sıra qədim və keşməkeşlərlə dolu tarixi adət-ənənələrini bu günə qədər yaşatmışdır.

Basqal qəsəbəsinin yerləşdiyi indiki ərazi hələ miladdan əvvəl IV yüzillikdən mövcud olan Alban dövlətinə mənsub idi. Tarixçilərin çoxillik araşdırmasına görə alban çarlığının iqamətgahı bu əraziyə yaxın olan Qəbələ şəhərində yerləşirdi. İndiki İsmayıllı rayonu, eləcə də bütün şirvan ərazisində hələ o vaxtlar müxtəlif soylardan, dillərdən olan həm yerli, həm də gəlmə, zorla köçürülən tayfalar, qəbilələr vardır. Onların bir çox toponimləri, söz kökləri indi də qalmaqdadır.

Basqal və onun ətrafı antik və orta əsr abidələri ilə zəngindir. Basqalın cənub-şərqində hələ eramızın I-II əsrlərindən insan məskənlərinin varlığı arxeoloji tədqiqatlardan məlumdur. Arxeolojimaterialla isə eramızdan əvvələ aid Şirvan ərazisi üçün səciyyəvi olan yerli xüsusiyyətlərə malikdir. Orta əsrlərdə isə Basqal və onun ətrafı coğrafi və relyef quruluşuna uyğun böyük iqdisadi və strateji əhəmiyyət kəsb etmişdir.

Orta əsr feodal pərakəndəlikləri dövründə, həmçinin xarici işğalçıların basqınları zamanında Basqalda yaşayış məntəqələri, eləcə də müdafiə qalaları daha da inkişaf edib genişlənmişdir. Bunlardan qəsəbənin cənub kənarında “Qalalar” deyilən sahə təqribən XI-XI yüzilliklərin yadigarıdır. Basqalın cənub-şərqində ilk orta əsrlərdən başlayaraq xanlıqlar dövrünədək möhtəşəm qala və şəhər xarabalıqları yerin təkinə köçmüş vəziyyətdə qalmaqdadır. Qəsəbənin şimal qurtaracağında ucalan Niyal dağında XI-XII əsrlərin qalaları Şirvanşahların mühüm müdafiə məntəqəsi olmuşdur. Bütün bunlarla yanaşı Basqalın mərkəzində orta əsr şəhərlərinin xüsusiyyətlərini əks etdirən və XII əsrdən bu günədək fəaliyyətdə olan kürəbənd (kanalizasiya) şəbəkəsi, bazar, hamam, məscidlər və başqa mədəni, iqtisadi, dini tikililər yerli əhalinin mədəni irsinin bariz timsalıdır.

Bir növ orta əsr şəhərlərinin quruluşuna uyğun gələn Basqal özünün sıx tikintisi, daş döşəmə küçələri, tarixi-ictimai binaları, sənətkarlıq alət və dəzgahları ilə xarabalığa çevrilmiş yüzlərlə qədim şəhərlərimizin öyrənilməsində arxeoloq, etnoqraf və memarlarımıza yaxından kömək üçün gözəl örnək ola bilər. Bu da xalqımızın təşəkkülünü etnik xüsusiyyətlərini, habelə bir sıra sosial məsələlərini araşdırmaqda müsbət rol oynaya bilər.

Basqal qıvrım uşaq telləri kimi hər yana burulan enişli-yoxuşlu küçələri, özünəməxsus həyat tərzi və adət-ənənələri ilə həqiqətən canlı bir tarixdir. “Kabkaz” qəzetinin 1882-ci il 310-cu sayında bu qəsəbəyə gəlmiş şərhçi M.N.Lebedev – Kostromsevin böyük aludəlik və məftunluqla yazdığı sətirlər maraq doğurur: “Basqal şəhərinə qəza mərkəzi Şamaxıdan Rusiya atlarından kiçik, lakin zərif və iti yerişli kəhər atla gəldik. Atın sahibi, yerlilərin çarvadar adlandırdığı orta yaşlı qarayanız bir adam öz heyvanına elə bil dil öyrətmişdir. At öz sahibini mütiliklə dinləyir və iri daş topaları ilə dolu olan maneələri, yoxuşları, gur dağçayını cürətlə dəf edirdi. Basqal şəhərinə axşam vaxtı yetişdik. Neft lampaları, fanarlar evlərin eyvanlarını, həyətlərini kifayət qədər işıqlandırırdı. Melodik səs ruhumuzu oxşadı. Çarvadar Məşədi Əzim bu səsin məscid minarəsindən gəldiyini mənə başa saldı. Müəzzin şam əzanı verirdi...” Qəzetdə müxbirin ertəsi gün həmin məscidi, kəlağayı toxunan karxanaları seyr etməsi, toxucuların ağır vəziyyətdə, lakin öz sənətlərinə sadiq qalmaları təsvir edilir.

Arxeoloq A.P.Fituni “Şirvanın son paytaxtının tarixi” məqaləsində yazir:” 1795-ci ildə İran şahı Ağaməhəmmədin Gürcüstana, Muğana, Talış və Şirvana hücumu zamanı Şirvan xanı Mustafa öz yaxın qohumları ilə yaxındakı Fit dağındakı qalaya çəkilir. Onlar qaladan çox da uzaq olmayan Basqal adlı şairanə yerdə ipək ayıran və şal toxunan fabrik açır (Əlisöhbət Sumbatzadə, “Промышленность Азербайджана в XIX веке” monoqrafiyası, səh. 187)

“Sənətkarlıq ağıl və təfəkkürün inkişafı üçün xammaldır” bir tarixçi-etnoqraf tamamilə haqlıdır. Xalq sənətkarlarının ulu yaşayış məskəni Basqal qəsəbəsinin əhalisi istehsal etdikləri kəlağayını, qanovuzu, müxtəlif zərif ipək parçaları ta Avropa, yaxın şərq ölkələrinə qədər aparır, ticarətlə məşğul olur, oraların mədəniyyətini, mütərəqqi adət-ənənələrini, fikirlərini özləri ilə doğma vətənlərinə qiymətli qənimət kimi gətirirmişlər. Müsahibini tez başa düşmək, dadlı xörəklər bişirmək, təmizkarlıq, elmə tərəqqiyə böyük həvəs, ağsaqqallara hörmət, çətinliyə düşənlərə, fəlakət üz verənlərə yardım etmək və sair gözəl bəşəri keyfiyyətlərin inkişaf etməsində bu amil az rol oynamamışdır. Yazıçılar, onlara elm və mədəniyyət fədailəri, istehsal qabaqcılları bu qədim odlar yurdunun adına iftixar və yeni-yeni şöhrət gətirmmişdir.
Girdiman qalası
Girdiman qalası əsası VII əsrdə qoyulmuş qədim Girdiman dövlətinin mərkəzi – indiki Lahıc qəsəbəsinin olduğu güman edilir. Rayon mərkəzindən 37 km şərqdə Girdiman çayının sol sahilində yerləşir. Erkən orta əsrlərdə Girdiman vilayətinin, daha sonra Layizan məlikliyinin inzibati ərazisi olmaqla bərabər, eyni zamanda qədim Albaniya dövlətinin alınmaz qalası olub. Lahıc qəsəbəsində 1980-cı ildə yaradılmış Tarix və Mədəniyyət Qoruğu fəaliyyət göstərir. Qoruq ərazisində 93 ədəd tikili tarix və mədəniyyət abidəsi mühafizə olunur ki, bunlardan 71-i şəxsi yaşayış evləri, 22-si isə müxtəlif təyinatlı tikililərdir. Qoruğun ərazisi 80 hektardır. Lahıc – Bakı – Loqadexi şossesinin 163 km-dən şimali şərqə 27 km məsafədə yerləşir.
Lahıca avtomobillə getmək olar.
   Lahıc Böyük Qafqaz sıra dağlarının qoynunda, Girdiman çayının sol sahilində yerləşən şəhər tipli qəsəbədir. Lahıc orta əsrlərdə olduğu kimi indi də bütün xüsusiyyətləri ilə şəhərdir.

Lahıcda yaşayan əhalinin tat dilli olması onun tarixinin araşdırılması üçün əsas istiqamət götürülmüş və bəzən kobud səhvlər edilmişdir.

Lahıcın tarixi haqqında yazanlar adətən onun əhalisinin erkən orta əsrlərdə İranın Gilan vilayətinin Lahican şəhərindən köçüb gəlmiş farslar olduğunu söyləmişdir.

Lakin bu fikrin heç bir elmi əsası yoxdur. Doğrudur, İranda Lahican adlı şəhər vardır. Oranın da əhalisi tat dillidir. Həmin əhali fars dilində deyil, tat dilində danışır. İranın özündə həmin əhali nə üçün fars dilində deyil, tat dilində danışmasının səbəbini izah edən yoxdur. Qeyd edək ki, tat dili və fars dili İran dil qrupuna daxil olsalar da bir – birini başa düşə bilmirlər.

Maraqlıdır, Lahıcın əhalisinin İranın Lahican şəhərindən köçməsi haqqında heç bir tarixi məlumat olmadığı halda məhz nə üçün Lahicanının əhalisinin Lahıcdan köçüb getməsi haqqında düşünənlər yoxdur. Bu məsələyə bir qədər məntiqi yanaşdıqda tarixi həqiqətin belə olduğu aydınlaşır.

Lahıc adının yaranması haqqında müxtəlif fikirlər vardır. Bu haqda mövcud əfsanələrin birində deyilir: Həmin ərazidə La adlı şəhər mövcud olmuşdur. Güclü tufan nəticəsində yaranan daşqından qorxan əhali dağlara çəkilirlər. Tufan və daşqın sakitləşəndən sonra şəhərə qayıtmaq istəyən əhali şəhərin sel tərəfindən məhv edildiyini görüb La heç deyə qışqırıblar. Sonradan La şəhərinin yerində yaranan şəhər də la heç – Lahıc adlandırılıb.

Əfsanədən göründüyü kimi Lahıc adı Lahicanın adından deyil, Lahican adı Lahıc adından yaranmışdır.

Lahıc adının başqa bir izahı müqəddəs Baba dağı ilə bağlıdır. Baba dağında olan müqəddəs ziyarətgah demək olar ki, Azərbaycanın bütün bölgələrinin əhalisi tərəfindən ziyarət olunur. Müqəddəs ziyarətgaha gedən yol Lahıcdan keçir. Ərəb dilində “La” istiqamət bildirir. “Həcc” sözü də müqəddəs yer mənasında işlədilir. Deməli Lahıc sözü La – həcc hissələrinin birləşməsindən yaranmış, “Həcc yolu” mənasını verir.

Lahıcın tarixinin erkən orta əsrlərdən başlanması fikirlərinin də elmi əsası yoxdur. Qəsəbənin ətrafından tapılan daş alətlər – daş bıçaqlar, daş ox ucluqları və s. Lahıcın hələ daş dövründə yaşamış məskənlərindən olduğunu göstərir. Azərbaycanın şimalında eradan əvvəl I minilliyin ortalarında şəhərlərin meydana gəlməsi prosesi başlandığı vaxt Lahıc da şəhər kimi formalaşmışdır.

Lahıc Albaniyanın mühüm müdafiə əhəmiyyətli şəhər qalası olmuşdur. E.ə. III əsrdə İranda Sasanilər hakimiyyətə gələndən sonra onlar Albaniyanı özlərinə tabe etmək, sərhədlərin strateji əhəmiyyətə malik təbii sərhəd olan Böyük Qafqaz dağlarınadək genişləndirməyə başladılar. Bu zaman Lahıcın əhəmiyyəti daha da artdı. Mənbələrdə verilən məlumatlardan məlum olur ki, Sasani hökmdarları I Qubad (488 – 531) və I Xosrov Ənuşirəvan (531 – 579) dövlətin şimal sərhədlərini möhkəmləndirmək üçün hərbi istehkamla tikdirdilər. Onlar özlərinə yerli əhali arasında etnik dayaq yaratmaq üçün İrandan xeyli irandilli əhalini ölkənin şimal sərhədlərinə yaxın ərazilərə köçürdülər. Ola bilsin ki, həmin köçürülənlərdən Lahıcda da yerləşdirilənlər olmuşdur. Lakin həmin vaxt Lahıc mövcud idi. Orada əhalinin sayı da heç də az deyildi.

VI əsrin sonu – VII əsrin əvvəllərində Azərbaycanın şimal torpaqlarında Mehranilərin məskunlaşması, Girdiman vilayətinin əhəmiyyətinin artması Azərbaycanın siyasi həyatında mühüm hadisə oldu. Həmin vaxt Lahıc da şəhər kimi daha da inkişaf etdi. Əlverişli təbii müdafiə xüsusiyyətinə malik Lahıc Mehranilərin əsas istinadgahlarından olmuşdur. Təsadüfi deyildir ki, Girdiman dövlətinin adı ilə eyni adda Girdiman çayı Girdiman dövlətinin hökmdarı olmuş görkəmli sərkərdə Cavanşirin adı ilə bağlı qala Lahıcdan çox da uzaqda deyildir. Həmin dövlətin tarixi abidələri sırasında özünəməxsus yeri olan Niyal qalası da Lahıcın ətrafındadır.

Girdiman qalasının yerini dəqiqləşdirmək istəyən tarixçilərimizin bəziləri çox düzgün olaraq onun məhz Lahıcda yerləşdiyini söyləyirlər. Bu baxımdan istedadlı tarixçi alim, həmyerlimiz, tarix elmlər namizədi Qafar Cəbiyevin “Bura Vətəndir” kitabındakı fikirlər daha çox diqqəti cəlb edir. O çox düzgün nəticəyə gələrək yazır ki, Girdiman qalası bəlkə də Lahıcın özüdür.

Lahıcın yerləşdiyi təbii coğrafi ərazi onun ətraf ərazilər üçün mərkəz rolunu təmin edir. Buna görə də mövcud olduğu bütün tarix ərzində Lahıc ətraf ərazilər üçün rəsmi və ya qeyri rəsmi mərkəz rolunu oynamışdır. Bu cəhət bu gün də qalmaqdadır. Lahıc IX-X əsrlərdə mövcud olmuş çox da böyük olmayan Lahicanşahlığın paytaxtı olmuşdur. Tariximizdə bu haqda yazılmış məlumatda göstərilir ki, 917-ci ildə Şirvanşahlar Lahicanşahlığı özünə birləşdirmişdir. Bununla da Lahicanşahlığının müstəqilliyinə son qoyulmuşdur. Lahıc bundan sonra da şəhər kimi öz əhəmiyyətini saxlamışdır.

Lahıc bütün orta əsrlər boyu Azərbaycanın mühüm sənətkarlıq mərkəzi olmuşdur. Onun sənətkarlıq məhsulları Azərbaycanın sərhədlərindən çox uzaqlarda da məşhur olmuşdur. Girdiman çayının hövzəsi və Şamaxı tərəfdən dağ aşırımlarından keçən yollarla gələn tacirlər Lahıcda hazırlanan sənətkarlıq məhsullarını çox böyük həvəslə alırdılar.

Lahıcda inkişaf etmiş sənətkarlıq sahələrinin önündə misgərlik dururdu. Lahıcda misgərlik özünün tərəqqi dövrünü keçirmişdir. Bəlkə də dünyanın heç bir guşəsində misgərlik Lahıcdakı qədər inkişaf etməmişdir. Lahıc misgərlərinin ustalığı digər ərazilərin misgərləri üçün nümunə olmuş, onlar Lahıc misgərlərindən çox şeylər öyrənməyə çalışmışlar.

Varlı tacirlər Bakıdan, Tiflisdən, Gədəbəy, Borçalı və Zəngəzurun mis mədənlərindən xam mis alaraq dəvə karvanı ilə Lahıca yola salırdılar. Xaricdən də Hələb, İstanbul, İngiltərə və Həbəşstandan da Lahıca mis gətirilirdi. Hər bir tacirin daimi müştəri ustaları var idi. Ustalar tacirdən aldığı xam misin əvəzinə hazırladığı sənətkarlıq məhsullarını verirdilər. Tacirlər də bu sənətkarlıq məhsulları Azərbaycanın ən izdihamlı bazarlarında satmaqla kifayət qədər gəlir götürürdülər. Lahıc sənətkarlığının hazırladıqları məhsulları almaq üçün tacirlər arasında güclü rəqabət gedirdi.

Sənətkarlar aldıqları misi əridir, onu saflaşdırır, xüsusi qəliblərə tökürdülər. Misin yumşaq olması üçün ona müxtəlif qarışıqlar əlavə edirdilər. Misgərlik emalatxanaları sənətkarlıq baxımından mükəmməl olurdu. Orada sənətkarlıq məhsullarının hazırlanması üçün lazımi avadanlıqların, alətlərin keyfiyyəti ən yüksək səviyyədə idi. Alətlərin demək olar ki, hamısı Lahıcda hazırlanırdı. Hər bir emalatxanada usta köməkçisi şagirdlə yanaşı daimi fəhlələr (çəkic vuranlar) olurdu. Onların hər biri yüksək əmək vərdişinə malik idilər. Mis qabları qalayçılar qalayla ağardırdılar. Qalayçılıq da ayrıca peşə idi.

XVII-XVIII əsrlərdə mis qablara tələbat çox olduğundan onların qiyməti baha olmuşdur. Lakin XIX əsrdə fabrik – zavodlarda müxtəlif qabların istehsalı genişləndiyindən mis qablara tələbat azalmış, onların qiymətləri aşağı düşmüşdür. Sonrakı dövrlərdə Lahıcda misgərlik tənəzzül dövrünü davam etdirsə də tamamilə sıradan çıxmamışdır. Lahıcda həmin sənəti yaşadan sənətkarlar indi də hörmətə layiqdirlər.

Lahıcda dəmirçilik də inkişaf etmiş sənət sahələrindən olmuşdur. Dəmirçilər əsasən təsərrüfat işləri ilə bağlı alətlər hazırlayır, iş heyvanları üçün nal, mıx hazırlayırdılar. Nal, mıx hazırlayan, iş heyvanlarını nallayanlar xüsusi adla nalbənd adlanırdılar. Lahıc dəmirçilərinin hazırladığı alətlər öz keyfiyyəti ilə digər yerlərdə hazırlanan alətlərdən fərqlənirdilər. Dəmirçilik sənəti də hazırda Lahıcda yaşadılır.

Cəmiyyətdə yaranan ziddiyyətlər, torpaqlar uğrunda mübarizələr çox vaxt müharibələrə gətirib çıxarmışdır. Tarixdə müharibələrin dağıdıcı təsirindən tamamilə kənarda qalan yaşayış məskənləri, tayfalar və xalqlar çox az olmuşdur. Buna görə də hər bir xalq müdafiə məsələləri haqqında düşünməli olmuş, bu istiqamətdə müəyyən hazırlıq işləri görmüşdür. Silahlar hazırlamaq onları təkmilləşdirmək insanları daim düşündürən fəaliyyət sahəsi olmuşdur. Sənətin müxtəlif sahələrinin yüksək səviyyəsinə çatmış silahqayırma sənəti də Lahıcda inkişaf etmişdir. Orta əsrlərdə Lahıc ustalarının hazırladığı xəncərlər, qılınclar ətraf ərazilərdə məşhur olmuşdur. Lahıc ustalarının xüsusi üsullarla əldə etdikləri polad möhkəmliyinə, keyfiyyətinə görə “Dəməşq” poladından fərqlənmirdi. Lahıc ustaları hazırladıqları qılıncların dəstəyini naxışlarla bəzədir, onları qızıl və gümüş suyuna tuturdular. Bu silahlar çox baha satılırdı. Onları yalnız varlılar ala bilirdilər.

Tarixin sonrakı gedişində Lahıc ustaları odlı silah hazırlamağı da mənimsəmiş və bu sahədə tanınmışlar. Odlu silah hazırlamaq sahəsində Lahıc ustalarının təcrübəsindən istifadə etməyə çalışanlar da çox olmuşdur. Mənbələrin məlumatına görə Tula silah zavodunun mütəxəssisləri də XIX əsrdə Lahıcda hazırlanmış silahlarla maraqlanmışlar. Lahıc silah ustalarından Tula silah zavodunda olanlar da məlumdur.

Lahıc ustalarının hazırladıqları tüfənglərdən XIX əsrin I yarısında baş vermiş Rusiya-İran müharibələrində geniş istifadə olunmuşdur. Lahıcda istehsal edilən silahlar İran, Dağıstan, Şəki, Quba, Bakı və Qarabağa göndərilirdi.

XIX əsrin sonu XX əsrin əvvəlində Lahıcda odlu silah istehsalı getdikcə tənəzzül etdi. Bunun bir səbəbi odlu istehsalının xırda emalatxanalardan iri zavodlarda cəmlənməsi olsa da, digər səbəbi çar hökümətinin azərbaycanlılara etibar etməməsi olmuşdur. Məlumdur ki, çar höküməti azərbaycanlılara etibar etmədiyi üçün ali müsəlman təbəqəsindən başqa digərlərini hərbiyə çağırmırdı. Məqsəd azərbaycanlılara hərbi işi unutdurmaq, onları həmişə əsarətdə saxlamaq idi. Təbii ki, belə siyasət yeridən bir dövlət etibar etmədiyi xalqın silah istehsalı ilə razılaşa bilməzdi.

Lahıcda bu sahə nə qədər tənəzzül etsə də tamamilə unudulmadı. 1918-ci ildə erməni quldur dəstələri müsəlman soyqırımına başlayıb əliyalın əhalini kütləvi şəkildə qətlə yetirdiyi bir vaxtda silah hazırlamağın vacibliyi yarandı. Belə bir çətin zamanda Lahıc ustaları bir ədəd top hazırladılar. Lahıcın müdafiəçiləri həmin topu hazır vəziyyətə gətirib düşmənin hücumunu gözləməyə başladılar. Erməni quldur dəstəsi Lahıca yaxınlaşdıqda “topçular” “atəş” komandası ilə düşmənin gəldiyi istiqamətə atəş açdılar. Atəşin gücündən çox da mükəmməl hazırlanmamış top da dağılaraq hissələri göyə sovrulur. Bu atəş həmin topun birinci və axırıncı atəşi olsa da erməni quldurları Lahıcın müdafiəçilərinin toplarla silahlandığını güman edib geri qaçmağa başlayırlar. Bununla da Lahıc və qonşu kəndlər də dəhşətli faciələr törədən qaniçən düşmənin hücumundan xilas oldular.

1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Lahıcda elə bir inkişaf olmadı. Əksinə sənət sahələrinin bəzilərinin tənəzzülü dərinləşdi, Lahıclıların bir hissəsi işsizlikdən yurdlarını tərk etdilər. Lahıcda yaşayanların sayı xeyli azaldı. Lahıc sakinləri uzun müddət yolsuzluqdan əziyyət çəkmişlər. Orta əsrlərdən qalma nəqliyyat növləri sıradan çıxsa da Lahıca uzun müddət avtomobil yolu çəkilməmişdir. Doğrudur XX əsrin 60 – cı illərində Şamaxı tərəfdən dağ aşırımları ilə Lahıca avtomobillərin gəlməsi mümkün olsa da bu yalnız yay aylarında mümkün idi. Lahıcın əsas yolu Girdiman çayının dərəsindən və bəzən də sıldırım qayaların döşündən keçən piyada və at yolu idi. Həmin illərdə Girdimanın coşan selləri neçə-neçə insanların ömrünü yarımçıq kəsmişdir.

Nə yaxşı ki, Azərbaycan xalqının Heydər Əliyev kimi rəhbəri olmuşdur. Doğma Azərbaycanımızın elə bir şəhəri, elə bir kəndi, elə bir guşəsi yoxdur ki, dahi öndərin qayğısını hiss etməsin, onun xoş əməllərindən bəhrələnməsin. Lahıca da avtomobil yolunu Azərbaycan xalqının ümummilli lideri H.Əliyev çəkdirdi. Yolun üstündəki körpü də dahi rəhbərin tapşırığı ilə qoyuldu.

Atalar yol çəkməyi, körpü qurmağı dünyada ən xeyirxah iş hesab ediblər. Bu gün həmin yoldan, həmin körpüdən keçənlərin hər biri dahi öndərin ruhuna allahdan rəhmət diləyirlər.

LAHIC

Azərbaycan Respublikasının dilbər guşələrindən biri olan İsmayıllı rayonunun Lahıc qəsəbəsi ölkənin şimalında , Böyük Qafqaz sıra dağlarının cənub yamacında dəniz səviyyəsindən 1505m hündürlükdə yerləşən şəhər tipli qəsəbədir.Qəsəbənin coğrafi mövqeyi və zəngin tarixi,arxitekturası və tarixi abidələri, yerli əhali arasında təşəkkül tapmış sənətkarlıq sahələri və s. bu iyal dağından Lahıcın ümumi görünüşüəkanı Azərbaycan çərçivəsində və bir çox xarici ölkələrdə tanıtdırmışdır.

Lahıc Girdiman çayınım sahilində yerləşməklə Babadağ və Niyaldağ silsilələri ilə ahatə olunur və ona təbii qala şəraiti bəxş edir. Belə bir coğrafi məkan qədim zamanlarda Lahıcın xarici təsirlərdən, basqınlar yaxşı müdafiə olunması üçün imkan yaratmışdır.

Lahıc adı yazılı mənbələrdə b.e.-nın IV əsərində yaşamış tarixçilərin əsərlərində xarırlanmasına baxmayaraq müasir dövrdə b.e-dan əvvəl I əsrdə Lahıcda insanların saxsı əşyalar istehsal etdikləri güman edilir. Çox qədim tarixə malik olmasına heç kimdə şübhə doğurmayan Lahıcın qəbristanlıqlarında hal-hazırda da I Keyxosrovun və Bahadırşahın məzar daşları qorunmaqdadır.

Azərbaycan Ərəb xilafəti tərəfindən işğal olunan zamanlar ərəblər qarşı mübarizə aparmış məşhur alban hökmdarı Cavanşirin yay iqamətgahı Niyaldağın şimal yamacında, yəni Lahıc tərəfdəki yamacda yerləşirdi. Hal-hazırda Niyaldağın Lahıc yamacında Cavanşir hökmranlığının mühafizə obyektlərindən və o günlərin şahidlərindən biri olan Niyal qalasının qalıqları yaşayır. Bu qala qalıqlarının divarları arasından Lahıca təkrar olunmaz bir mənzərə açılır və qalanın yerinin təsadüfən seçilmədiyi anlaşılır.
Lahıcın yaxınlığında yerləşən Fit dağında it qalasının qalıqları yaşamaqdadır. Bu qala sonuncu Şirvan xanı Mustafa xanın yay oylağı olmuşdur. Fit dağından Niyal dağına qədər dağların üstü ilə vaxtı ilə mövcüd olmuş araba yolunun qalıqları da , Niyal qalasından başlayan yeraltı yolun qalıqları da bu yerlərin qedim tarixə malik olmasını bir daha sübut etməkdədir.

Lahıc məhəllərdən ibarət olaraq təşəkkül tapmış və hər məhəllə öz məscidinə, bulağına, hamamına və s. malik olunmuşdur. Hal-hazırda Lahıcda yüzədək yerli əhəmiyyətli tarix-mədəniyyət abidəsi mövcuddur. Həmin Niyal qalasının qalıqları (VII əsr) abidələrdən olan məscidlər(Bədöyun, Zəvəro, Ağolu, Ərəgit məscidləri) XVIII-XIX əsrlərdə, bulaqlar( Ağolu, Zəvəro,Baba bulağı) XIX əsrdə hamamlar(Hacı Cahanbaxş hamamı, Hacı Molla Hüseyn hamamı, Hacı Nürməməd hamamı) XIX əsrdə , 60-dan çox yaşayış evləri, su dəyirmanı,senetkarlıq emalatxanaları, körpülər və s. XVIII-XIX əsrlərdə yerli çay daşından inşa edilmiş və hal-hazırda da təyinatı üzrə istifadə olunur.

Hiç yorum yok:

Yorum Gönder